Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-03-2026 , 20:10

1315

Son xəbərlər

Bütün xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü həm də tarixi ədalətin bərpası uğrunda mübarizənin simvoludur: TƏBRİZ AĞAYEV YAZIR

 

31 mart tarixi Azərbaycan xalqının yaddaşında faciə, kədər və eyni zamanda tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm bir gündür. Bu gün "Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunur və 1918-ci ilin mart-aprel aylarında erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən kütləvi qırğınlardan biridir.

Erməni daşnakları 1918-ci ilin mart ayında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər ərazilərdə azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı zorakılıqlar törədilmişdir. Bu hadisələr zamanı minlərlə dinc sakin amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmışdır. Xüsusilə Quba bölgəsində aşkarlanmış kütləvi məzarlıqlar həmin hadisələrin miqyasını və dəhşətini açıq şəkildə nümayiş etdirir. Bu faktlar sübut edir ki, hadisələr təsadüfi toqquşmalar deyil, planlı şəkildə həyata keçirilmiş etnik təmizləmə və məhv etmə siyasətinin tərkib hissəsi olmuşdur.

Azərbaycan dövlətinin bu hadisələrə hüquqi qiymət verməsi müstəqillik əldə edildikdən sonra mümkün olmuşdur. 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 31 Mart günü rəsmi olaraq "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Bu sənəd tarixi hadisələrə siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm addım olmuşdur. Beynəlxalq hüquq baxımından soyqırımı anlayışı 1948-ci il "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən edilmişdir. Bu sənədə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən əməllər soyqırımı hesab olunur. 1918-ci il hadisələri zamanı azərbaycanlıların məhz milli və etnik mənsubiyyətlərinə görə hədəf alınması bu hadisələrə soyqırımı kimi hüquqi qiymət verilməsinə əsas yaradır. Lakin beynəlxalq səviyyədə bu hadisələrin tam hüquqi tanınması istiqamətində işlər hələ də davam etdirilir. 31 mart 1918-ci il hadisələrinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə müxtəlif beynəlxalq konfranslar keçirilib, sənədli filmlər hazırlanıb və arxiv materialları araşdırılır.

Tarixi yaddaşın qorunması yalnız keçmişin xatırlanması deyil, həm də gələcək nəsillərin bu cür faciələrin təkrar olunmaması üçün məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü təkcə matəm günü deyil, həm də tarixi ədalətin bərpası uğrunda mübarizənin simvoludur. Bu hadisələrin mahiyyətinin düzgün dərk edilməsi və hüquqi qiymətləndirilməsi həm milli yaddaşın qorunması, həm də beynəlxalq aləmdə həqiqətlərin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqı bu faciənin qurbanlarını ehtiramla yad edir və belə hadisələrin bir daha təkrarlanmaması üçün tarixi həqiqətlərin qorunmasına və təbliğinə davam edir.

Təbriz Ağayev

Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədr müavini

Rəylər

0 Rəy


Rəy yaz